Beyləqanda sağlam həyat tərzinin təbliğinə həsr olunmuş görüş keçirilib
07 avqust 2025 | 16:37
Beyləqan Rayon İcra Hakimiyyəti və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə təşkilatçılığı ilə rayon sakinləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirici görüş keçirilib.
Əvvəlcə Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında, ardınca Beyləqan şəhəri Mərkəzi Kitabxanasında keçirilən tədbirlərin əsas məqsədi sağlam həyat tərzi, davranış risk amilləri və bu sahədə ölkə səviyyəsində həyata keçirilən tədbirlər barədə əhalinin məlumatlılığını artırmaq olub.
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxış edərək, ictimai sağlamlığın qorunması və bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva ölkədə sağlam həyat tərzinin təşviqi istiqamətində görülən işlər barədə qısa məlumat verib. O, qeyd edib ki, Azərbaycan Respublikasının 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində Səhiyyə Nazirliyinə həvalə olunan tapşırıqlar əsasında əhali üçün nəzərdə tutulmuş maarifləndirmə materialları hazırlanaraq bölgələrdə paylanılır və bu istiqamətdə yerli icra hakimiyyətləri ilə əməkdaşlıq genişləndirilir.
Görüş çərçivəsində 1-7 avqust - Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsinə həsr olunmuş "Ana südü körpələr üçün əvəzsiz qidadır" mövzusunda tədbir Beyləqan şəhəri Mərkəzi Kitabxanasında davam etdirilib.
Tədbirlər zamanı iştirakçılarla səmərəli fikir mübadiləsi aparılıb, ictimaiyyət nümayəndələrinin rəy və təklifləri dinlənilib, həmçinin maarifləndirici materiallar təqdim olunub.







