Beyləqanda sahibkarlarla görüş keçirilib
10 iyun 2026 | 13:57
Beyləqan Rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)nin birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Görüşdə Beyləqan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, KOBİA-nın nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.
Çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nadir Hüseynov rayonda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb. O, xüsusilə kənd təsərrüfatının aparıcı sahələri olan iri və xırdabuynuzlu heyvandarlığın inkişafı, əkinçilik, məhsul istehsalının artırılması, yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstək rayonun sosial-iqtisadi inkişafına mühüm töhfə verir.
Daha sonra KOBİA-nın nümayəndələri tərəfindən sahibkarlara agentliyin fəaliyyət istiqamətləri, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək mexanizmləri, biznesin qurulması və inkişafı üçün təqdim olunan məsləhət, təlim və maarifləndirmə xidmətləri, sahibkarların maraqlarının qorunması, daxili və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də dövlət-sahibkar əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Görüş zamanı sahibkarları maraqlandıran məsələlər müzakirə olunub, onların təklif və müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qeydlər aparılıb və aidiyyəti qurumların nümayəndələri tərəfindən suallar cavablandırılıb.







