Beyləqanda sahibkarlarla görüş keçirilmişdir.
11 iyun 2026 | 12:57
Beyləqan Rayon İcra Hakimiyyətinin və “Azərişıq” ASC-nin birgə təşkilatçılığı ilə fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə görüş keçirilib.
Görüşdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, “Azərişıq” ASC-nin Asan Xidmətlərlə İş Departamentinin direktoru İnam Yusifov, “Azərişıq” ASC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, “Azərişıq” ASC-nin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Zülfü Ağayev, Beyləqan Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinov, 30-dək yerli sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüş zamanı iştirakçılara “Azərişıq” ASC tərəfindən regionlarda həyata keçirilən yenidənqurma və modernləşdirmə işləri, enerji təchizatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Həmçinin vətəndaşlara və sahibkarlara göstərilən elektron xidmətlər, yeni qoşulma prosedurları, texniki şərtlərin verilməsi və digər xidmətlər haqqında ətraflı izahatlar təqdim olunub.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonda sahibkarlar göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirərək, bu cür görüşlərin dövlət-sahibkar əməkdaşlığının möhkəmləndirilməsinə və mövcud məsələlərin operativ həllinə mühüm töhfə verdiyini vurğulayıblar.







