Beyləqanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının ildönümü qeyd olunub
13 fevral 2026 | 13:07
13 fevral 2026-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəhbərliyi və əməkdaşları, Füzuli rayon Hərbi Prokurorluğunun rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Heydər Əliyev mərkəzində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri giriş nitqi ilə açaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyini və əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Dövlət Xidməti ölkəmizdə ordu quruculuğu prosesinin mühüm tərkib hissəsidir. Ə.Əzizov, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən uğurlu hərbi islahatlardan, Vətən müharibəsində qazanılan tarixi Qələbədən və bu Qələbədə səfərbərlik sisteminin rolundan bəhs edib. Qeyd olunub ki, çağırışçıların uçotunun düzgün təşkili, vətəndaşların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, səfərbərlik ehtiyatlarının formalaşdırılması dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır. Rayon rəhbəri xidmət əməkdaşlarının məsuliyyətli fəaliyyətini yüksək qiymətləndirərək onlara gələcək işlərində uğurlar arzulayıb.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab Mürsəl İbrahimovun təbrik məktubu xidmətin əməkdaşı tərəfindən tədbir iştirakçılarına çatdırılıb. Təbrik mətnində xidmət əməkdaşlarının peşəkarlığı və vətənə sədaqətli fəaliyyəti yüksək qiymətləndirilib, qarşıya qoyulan vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyinə əminlik ifadə olunub.
Tədbirdə Beyləqan Rayon prokuroru Elşad Əzimov, Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Füzuli Rayon Hərbi prokuroru Elçin Hacıyev və rayon təhsil sektorunun müdiri Elvin Abbasov çıxış edərək səfərbərlik sisteminin dövlət təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolundan bəhs edib, xidmət əməkdaşlarını ildönümü münasibətilə təbrik edərək onlara məsul və şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra çıxış edən Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant, Kəbirli kənd 1 saylı tam orta məktəbin hərbi rəhbəri Əlisəfa Şəfiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, gənclərin vətənpərvərlik ruhunda formalaşmasında, onların hərbi xidmətə hazırlanmasında və ordunun şəxsi heyətlə komplektləşdirilməsində xidmətin rolu danılmazdır.
Tədbirin davamında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü münasibətilə rayon şöbəsinin rəhbərliyini və əməkdaşlarını Fəxri Fərmanla təltif edib.
Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, səfərbərlik sisteminin daim təkmilləşdirildiyini, çağırış prosesinin şəffaf və qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyini qeyd edib, rayon rəhbərliyinə və ictimaiyyət nümayəndələrinə təşəkkürünü ifadə edərək kollektiv adından gələcəkdə də dövlətə və xalqa sədaqətlə xidmət edəcəklərini vurğulayıb.







