Beyləqanda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsi çərçivəsində konsert proqramı təşkil olunub
22 avqust 2026 | 13:07
Avqustun 21-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsi çərçivəsində Beyləqan rayonunun Birinci Şahsevən kəndində konsert proqramı təşkil olunub.
Tədbir Beyləqan Rayon İcra Hakimiyyətinin, Beyləqan rayon Mədəniyyət Mərkəzinin və Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Birinci Şahsevən kənd Diyarşünaslıq evində keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Diyarşünaslıq evində fəaliyyət göstərən musiqi və idman dərnəkləri ilə tanış olublar.
Konsert proqramından əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra iştirakçılara “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, layihənin əsas məqsədi regionlarda mədəni həyatın inkişafına dəstək olmaq, kənd sakinlərinin mədəni xidmətlərə əlçatanlığını artırmaq, kənd mədəniyyət müəssisələrinin fəaliyyətini canlandırmaq və əhalinin asudə vaxtının səmərəli təşkilinə şərait yaratmaqdır.
Konsert proqramında Beyləqan rayon Mədəniyyət Mərkəzi və Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin kollektivləri tərəfindən musiqi və rəqs nömrələri təqdim olunub. Həmçinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sandıq” milli geyimlər studiyasında hazırlanmış milli geyim nümunələrinin nümayişi keçirilib.
Tədbir çərçivəsində tarixi eksponatlar, folklor nümunələri və yeni nəşrlərdən ibarət sərgi də təşkil olunub.
Kənd sakinlərinin böyük maraqla qarşıladığı tədbir Birinci Şahsevən kəndinin ictimai-mədəni həyatına rəng qataraq iştirakçılara xoş ovqat bəxş edib.







