Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Şəhərsalma və Memarlıq İli: Tarixilik və Müasirlik” mövzusunda tədbir keçirilib

08 aprel 2026 | 17:45
8 aprel 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli”nə aid tədbirlər planına uyğun olaraq Beyləqan Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə şəhərsalma siyasətini, memarlıq kimliyini və davamlı inkişaf konsepsiyasını təşviq etmək, eləcə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbinə və şəhərsalma sahəsində görülmüş irimiqyaslı işlərə dair ictimai maarifləndirmə məqsədilə Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli: Tarixilik və Müasirlik”mövzusunda tədbir keçirilib.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov, idarə, müəsəssisə və təşkilat, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və rayonun mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.
 
Mərkəzin foyesində təşkil olunmuş, tarixi memarlıq abidələrinin fotoşəkillərindən ibarət sərgiyə baxış keçirilməsi ilə başlayan tədbirdə, ilk öncə Dövlət Himninin müşaiyyəti ilə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə Səlnamə film studiyası tərəfindən çəkilmiş “Qədim Azərbaycan abidələri” adlı videoçarxa baxış keçirilib.
 
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edərək bildirib ki, bu təşəbbüs ölkəmizdə şəhərsalma siyasətinin daha da təkmilləşdirilməsinə, milli memarlıq irsinin qorunmasına və müasir memarlıq meyillərinin inkişafına mühüm töhfə verir. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə memarlıq və şəhərsalma sahəsində formalaşmış zəngin ənənələrdən, həyata keçirilmiş irimiqyaslı layihələrdən danışıb. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, müasir memarlıq nümunələrinin yaradılması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi xüsusi vurğulanıb. RİH başçısının çıxışında Beyləqan rayonunun da qədim memarlıq ənənələrinə malik olduğu, bu irsin qorunaraq müasir yanaşmalarla inkişaf etdirildiyi qeyd olunub.
 
Ardınca çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov müasir dövrdə şəhərsalma anlayışının mahiyyəti, qloballaşma şəraitində şəhərlərin inkişaf istiqamətləri və dayanıqlı şəhərsalma prinsipləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə memarlıq irsinin bu gün də uğurla davam etdirildiyini, şəhərsalma sahəsində həyata keçirilən layihələrin ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
 
Daha sonra çıxış edən Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlərdən, işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpasından, milli memarlıq irsinin qorunmasının vacibliyindən danışıblar. Çıxışlarda həmçinin Azərbaycanın dünya əhəmiyyətli memarlıq abidələri və zəngin mədəni irsi haqqında fikirlər səsləndirilib. Beyləqan rayonunda olan mədəni irsi abidələr, o cümlədən qədim yaşayış məskənlərindən olan Örənqala ərazisinin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.
 
Sonda bir daha tədbir iştirakçıları tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb, milli memarlıq irsinin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd olunub.
Keçidlər