Beyləqanda şəhid ailələri üçün iftar süfrəsi açılıb.
Beyləqan Rayon İcra Hakimiyyəti, Könüllü Yardım Fondu və Gülmirə Eyniyevanın birgə təşkilatçılığı ilə Aprel döyüşləri və Vətən Müharibəsi zamanı həlak olan şəhidlərin ailələri üçün iftar süfrəsi təşkil edilib. Tədbirdə əvvəlcə şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələrini və tədbir iştirakçıları təbrik edib. O, iftar məclisində iştirak edən ailələrin qəhrəmanlarımızın bizlərə əmanətləri olduğunu, məhz həmin oğullarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında tarix yazdığını, haqq savaşımızda şücaət göstərərək, düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı işğaldan azad etməklə xalqımıza möhtəşəm Qələbə bəxş etdiklərini diqqətə çatdırıb. Könüllü Yardım Fondunun rəhbəri Elnur Əliyev və Gülmirə Eyniyeva şəhidlik zirvəsinin ucalığından danışaraq Qarabağı bizə bəxş edən qəhrəmanlarımızın Azərbaycan xalqı üçün məqamının həmişə yükəkdə olduğunu qeyd edib, şəhidlərimizin Vətənin hər qarışını öz canlarından, qanlarından dəyərli hesab edərək tərəddüd etmədən şəhadətə ucalmalarının əsl qəhrəmanlıq nümunəsi olduğunu bildiriblər. Bundan sonra da şəhid ailələrinə dəstək istiqamətli sosial layihələrin icrası davamlı olacağı vurğulanıb. Şəhid anası Ofeliya Təhməzova bütün şəhid ailələri adından çıxış edərək Vətən, torpaq, xalq yolunda şəhid olmağın böyük şərəf olduğunu, vətən torpaqlarımızı yağı düşməndən təmizləyən və dövlətimizin ərazi bütövlüyü təmin edən şəhidlərimizin gənc nəslə örnək olduğunu və bütün qəhrəmanlarımızla fəxr etdiyini qeyd etdi. Şəhid anası şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələri adından minnətdarlığını bildirib. Sonda müqəddəs bayram münasibəti ilə Ramazan duaları oxunulub.