Beyləqanda Şəhid Dadaşzadə Mahir Qərib oğlunun doğum günü qeyd olunub.
01 sentyabr 2024 | 18:26
01 sentyabr 2024-cü il tarixdə 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Dadaşzadə Mahir Qərib oğlunun doğum günü qeyd olundu.
Anım günündə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, Rayon Prokuroru Ramazan Hadıyev, Rayon Məhkəməsinin hakimi Ramiz Nurullayev, RİH başçısı aparatının əməkdaşları, şəhidin ailəsi, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.
Şəhid Dadaşzadə Mahirin məzarı üzərinə tər gül dəstələri düzülüb, ailəsinə və yaxınlarına başsağlığı verilib, əziz ruhuna dualar oxunub.
Şəhid Mahir Dadaşzadə 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Mahir Dadaşzadə 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində və 2020-ci ilin 12–16 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Mahir Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mahir Dadaşzadə Vətən müharibəsində 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb.Mahir Dadaşzadə Oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mahir Dadaşzadə ölümündən sonra " Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları və “3-cü dərəcəli "Rəşadət" ordeni" ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!