Beyləqanda şəhid kapitan Həmid Həmidlinin anadan olmasının 30 illiyi qeyd edilib
28 iyul 2026 | 14:47
Beyləqan rayonunda 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan kapitan Həmid Həmidlinin anadan olmasının 30 illiyi münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım tədbirində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycan Ordusunun Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatlarında qazandığı tarixi qələbələrdən danışıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan əsgər və zabitlərinin göstərdikləri igidlik və şücaət xalqımızın şanlı tarixinin parlaq səhifəsinə çevrilib. Rayon rəhbəri kapitan Həmid Həmidli Vətənə sonsuz sədaqəti, peşəkarlığı, cəsarəti və döyüş meydanında göstərdiyi misilsiz şücaəti ilə Azərbaycan zabitinin ən parlaq nümunələrindən biri olduğunu vurğulayaraq Həmid kimi igid Vətən övladlarının göstərdiyi qəhrəmanlıq heç zaman unudulmayacaq, onların əziz xatirəsi daim ehtiramla yad ediləcək deyə qeyd edib.
Tədbirdə çıxış edən şəhidin ailə üzvləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Çıxış edənlər Həmid Həmidlinin həyat və döyüş yolundan, yüksək mənəvi keyfiyyətlərindən, Vətənə sədaqətindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, Həmidli Həmid Əlsahib oğlu 28 iyul 1996-cı ildə Milabad qəsəbəsində anadan olub. Cəbrayıl rayonu 21 nömrəli tam orta məktəbdə təhsil aldıqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirib. Xidməti dövründə kapitan hərbi rütbəsinə yüksələrək tank taborunun komandiri vəzifəsində xidmət edib. Tovuz döyüşlərinin, 44 günlük Vətən Müharibəsinin və 2023-cü il sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror əməliyyatlarının iştirakçısı olub. “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Kapitan Həmid Həmidli lokal xarakterli antiterror əməliyyatları zamanı Xocavənd rayonunun Qırmızıbazar istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ailəli idi, iki övladı yadigar qalıb. Şəhid Həmid Həmidli Milabad qəsəbə qəbiristanlığında dəfn olunub.







