Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib

02 aprel 2026 | 12:37
Azərbaycanda idmanın bütün sahələrində qazanılan uğurlar ölkə Prezidentinin həyata keçirdiyi çoxşaxəli siyasətin nəticəsidir. Bu siyasətin müsbət təsirləri Beyləqan rayonunda da aydın şəkildə özünü göstərir. Görülən işlər nəticəsində təkcə rayon mərkəzində deyil, həm də ayrı-ayrı inzibati ərazi vahidlərində idman meydançaları tikilmiş, mövcud obyektlər əsaslı şəkildə yenilənmişdir. Bununla yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkili geniş vüsət almış, həyata keçirilən tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanmışdır.
 
Beyləqan Rayon İcra Hakimiyyəti, Eyvazallar kənd bələdiyyəsinin və rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə Eyvazallar kəndində yenilənmiş stadionda şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri təşkil edilmişdir. Turnirdə rayonun müxtəlif komandaları iştirak etmişdir.
 
Martın 31-də keçirilən final oyununda isə İkinci Aşıqlı və Eyvazallar komandaları qarşılaşıb. Turnir başlamazdan əvvəl Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov çıxış edərək şəhidlərin əziz xatirəsini yad etmiş, bir ağsaqqal kimi iştirakçılara xeyir-dua verərək onlara uğurlar arzulamışdır. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda Eyvazallar komandası 3:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olmuşdur.
 
Sonda yarış iştirakçılarına kubok, medal və fəxri fərmanlar təqdim edilmişdir.
Keçidlər