Beyləqanda “Səs və Üfüq” xor müsabiqəsinin “Qala” konserti keçirilib.
09 iyun 2026 | 20:57
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Səs və Üfüq” adlı xor müsabiqəsinin “Qala” konserti, eyni zamanda qeyd olunan və “Mənim ölkəm: tarix və mədəniyyət” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin, rayonun mədəniyyət və təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər, şagirdlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Beyləqan Rayon Mədəniyyət Mərkəzinin foyesində “Mənim ölkəm: tarix və mədəniyyət” adlı rəsm müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir iştirakçıları sərgi ilə tanış olaraq məktəblilərin və gənclərin zəngin təxəyyülünü, Vətənə bağlılığını və yaradıcılıq potensialını əks etdirən əsərlərə böyük maraq göstəriblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə hər iki müsabiqə barədə ətraflı məlumat verilib və ardınca qalib kollektivlərin, eyni zamanda fəal iştirakına görə seçilən digər üç kollektivin hazırladıqları xor nömrələrini təqdim edilib.
Vətənpərvərlik, milli-mənəvi dəyərlər və Ulu Öndər Heydər Əliyevin ideyalarına həsr olunan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Gənc ifaçıların səhnə mədəniyyəti, musiqi duyumu və kollektiv çıxışları tədbirə xüsusi rəng qatıb.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasov çıxış edərək müsabiqə iştirakçılarını təbrik edib, bu cür layihələrin gənclərin estetik zövqünün formalaşmasına, yaradıcılıq bacarıqlarının inkişafına və vətənpərvərlik ruhunun gücləndirilməsinə mühüm töhfə verdiyini bildiriblər. Natiqlər tədbirin təşəbbüskarı olan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova gənclərin inkişafına göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova müsabiqələrin iştirakçılarını və qaliblərini təbrik edib, dövlətin gənclərin hərtərəfli inkişafına göstərdiyi qayğının nəticəsi olaraq onların elm, təhsil, mədəniyyət və incəsənət sahələrində mühüm uğurlar qazandıqlarını qeyd edib. O, belə müsabiqələrin gənclərin istedadlarının üzə çıxarılmasında və yaradıcılıq imkanlarının genişləndirilməsində mühüm rol oynadığını vurğulayaraq iştirakçılara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
Tədbirin sonunda “Mənim ölkəm: tarix və mədəniyyət” adlı rəsm müsabiqəsinin qaliblərinə, eləcə də “Səs və Üfüq” xor müsabiqəsində I, II və III yerləri tutmuş kollektivlərə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman, həmçinin hər iki müsabiqədə fəal iştirak edən şagirdlərə və xor kollektivlərinə isə Təşəkkürnamə təqdim olunub.
Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.







