Beyləqanda “Son zəng” sədaları: Rayon İcra Hakimiyyəti başçısının təbriki məzunlara çatdırıldı!
14 iyun 2025 | 14:44
Beyləqan rayonunda ənənəvi olaraq “Son zəng” tədbirləri çərçivəsində ümumtəhsil müəssisələrinin məzunları üçün xüsusi və yaddaqalan gün təşkil edilib. Həyatlarının mühüm mərhələsini başa vuran məktəblilər üçün bu günün sevincini paylaşmaq və onlara dəyərli tövsiyələr çatdırmaq məqsədilə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən geniş iştirak təmin olunub.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizovun səmimi təbrikləri Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və inzibati ərazi dairələri üzrə nümayəndələri vasitəsilə rayonun ümumtəhsil müəssisələrində təşkil olunan “Son zəng” tədbirlərində məzunlara çatdırılıb.
Əziz Əzizovun təbrikində vurğulanıb ki, bu gün məktəblə vidalaşan gənclər sabahın vətəninə bağlı, bacarıqlı və müasir düşüncəli vətəndaşları olacaq. Hər bir məzuna gələcək həyat yollarında uğurlar arzulayan təbrik, onlara güvən və inam mesajı daşıyıb.
Səmimi və emosional ab-havada keçən tədbirlər zamanı məktəb illərinə vida edən məzunlar, müəllim və valideynlər bu günü unudulmaz anlarla yadda saxlayıblar.







