Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

04 sentyabr 2026 | 16:55
04 sentyabr 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 21 avqust–21 sentyabr tarixlərini əhatə edən “Sülh Aylığı” çərçivəsində “Sülh mədəniyyəti və müasir dövlətçilik” mövzusunda tədbir keçirilib.
 
Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Sülh aylığı”na həsr olunmuş videoçarx nümayiş etdirilib.
 
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Fatma Xıdırlı “Sülh Aylığı”nın əhəmiyyətindən danışaraq sülhün cəmiyyətdə qarşılıqlı hörmət və etimadın möhkəmləndirilməsində rolunu vurğulayıb. O, Prezident İlham Əliyevin siyasi iradəsi və sülhün əldə olunması istiqamətində göstərdiyi səyləri qeyd edərək bildirib ki, sülhün davamlı olması üçün cəmiyyət olaraq dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləməli, milli birlik və həmrəyliyimizi qorumalı, qarşılıqlı hörmət və dialoq mühitinin möhkəmlənməsinə öz töhfəmizi verməliyik. F.Xıdırlı Azərbaycan xalqı üçün sülhün xüsusi məna daşıdığını, bu dəyərin qorunmasının gələcək nəsillər qarşısında mühüm məsuliyyət olduğunu diqqətə çatdırıb.
 
Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova, Beyləqan rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Əbdülhəsən Tağızadə və digər çıxışçılar “Sülh Aylığı”nın əhəmiyyətindən bəhs edib, sülhün və sabitliyin, qarşılıqlı hörmətin, tolerantlığın və dialoq mühitinin cəmiyyətin davamlı inkişafında mühüm rol oynadığını vurğulayıblar. Qeyd edilib ki, sülh yalnız müharibə və qarşıdurmaların olmaması deyil, eyni zamanda insanların təhlükəsiz və sabit şəraitdə yaşamasını, hüquq və azadlıqlarının qorunmasını təmin edən mühüm ümumbəşəri dəyərdir.
 
Tədbirdə müasir dövlətçilik, milli birlik və həmrəylik, tarixi yaddaşın qorunması, mədəniyyət müəssisələrinin sülh mədəniyyətinin formalaşdırılmasında rolu, kitab və maarifçiliyin cəmiyyətdə tolerant düşüncənin inkişafına təsiri barədə də fikirlər səsləndirilib.
 
Bildirilib ki, ədəbiyyat, incəsənət, musiqi, tarix və mütaliə vasitəsilə gənc nəslə milli-mənəvi dəyərlərlə yanaşı, sülh, humanizm, tolerantlıq, qarşılıqlı hörmət və həmrəylik kimi ümumbəşəri dəyərlərin aşılanması mühüm əhəmiyyət kəsb edir.
Keçidlər