Beyləqanda "Şuşa, sən azadsan!" filmi nümayiş olunub
31 oktyabr 2025 | 14:48
Beyləqan rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr-Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Bakı Media Mərkəzi" və "Salnaməfilm" studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!" sənədli filmi nümayiş olunub.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, RİH başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Mil-Muğan Regional Mədəniyyət idarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov və Mil-Muğan Regional Təhsil İdarəsinim Beyləqan rayon Təhsil sektorunun müdiri Elvin Abbasov, idarə, müəssisə və təşkilat əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycanın rəşadətli Ordusunun, əsgər və zabitlərinin qəhrəmanlıq yoluna həsr olunmuş film izlənilib.
Qeyd edək ki, “Şuşa, sən azadsan!” filmi müasir hərb tarixinin ən parlaq səhifələrindən olan “Şuşa əməliyyatı”dan bəhs edir. Filmdə “Şuşa əməliyyatı”nı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer almışdır.
Film yekunlaşdıqdan sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Rayon mədəniyyət nümayəndəsi Məhəmməd Qələndərov, Rayon təhsil sektorunun müdiri Elvin Abbasov çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və şəhidlərimizin müqəddəs ruhunun təntənəsi olduğunu vurğulayıblar. Natiqlər Şuşanın azad olunmasının həm strateji, həm mənəvi baxımdan tarixi əhəmiyyət daşıdığını qeyd edərək bildiriblər ki, bu qələbə xalqımızın milli qürur mənbəyi olaraq əbədi yaşayacaq və gələcək nəsillərə Vətən sevgisi, dövlətə sədaqət və qəhrəmanlıq nümunəsi kimi ötürüləcək.
RİH başçısı aparatının şöbə müdiri, Vətən Müharibəsi iştirakçısı, ehtiyatda olan hərbçi mayor Heybət Əliyev isə döyüş xatirələrini bölüşərək bildirib ki, “Şuşa əməliyyatı” əsgər və zabitlərimizin ruh gücü, Vətən sevgisi və iradəsi ilə yazılmış dastandır. Bildirilib ki, “Şuşa, sən azadsan!” filmi yalnız hərbi əməliyyatın gedişatını deyil, eyni zamanda xalqımızın azadlıq iradəsini, milli qürurunu və mədəniyyətimizin Şuşaya qayıdışını əks etdirir.
Tədbir zamanı “Şuşa, sən azadsan!” filmi auditoriya tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar Azərbaycanın qəhrəmanlıq tarixini və Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış Zəfəri əks etdirən filmə yüksək diqqət göstərərək şəhid və qazilərin fədakarlığını ehtiramla yad ediblər.







