Beyləqanda "Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" mövzusunda tədbir keçirilib.
08 noyabr 2023 | 11:46
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş "Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" mövzusunda toplantı təşkil olunub. Rayon Mədəniyyət Mərkəzində keçirilən toplantıda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, hərbçilər, müharibə iştirakçıları, Şəhid ailələri, Qazilər, ağsaqqallar və fəal rayon gəncləri iştirak edib.
Zəfər Günü münasibəti ilə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin abidəsi ziyarət olunaraq əziz xatirələri ehtiramla yad edilmişdir.
Rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə əvvəlcə Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunmuş rəsm və uşaqların əl işindən ibarət sərgiyə baxış keçirilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunaraq, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 44 günlük Vətən müharibəsinin şanlı səhifələrini əks etdirən videoçarx nümayiş olunub.
Toplantıda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində boyuk Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, şəhidlərimiz qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu Zəfər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir.
Şəhid anaları adından çıxış edən şəhid Munis Abbaslının anası Kəmalə xanım Abbasova, şəhid Ruslan Hüseynovun atası Vəli Hüseynov, Vətən müharibəsinin qazisi Əlisafa Əliyev Böyük Zəfərə gedən yoldan, Müzəffər Ordumuzun şücaəti və qəhrəmanlıqlarından bəhs ediblər.
Tədbirin yekununda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Tədbirdən sonra 8 Noyabr-Zəfər Gününə həsr olunmuş konsert tədbiri başlayıb. Konsertdə rayonunun tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə bədii- musiqili proqram təqdim olunub, milli rəqslər ifa edilib.