Beyləqanda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
01 sentyabr 2026 | 07:57
Yeni 2026–2027-ci tədris ilinin başlanması ərəfəsində Beyləqan rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Konfransdan əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova təhsilin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin fəaliyyətinin dəstəklənməsi və şagirdlərin yüksək nailiyyətlərinin təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Y.Məmmədova qeyd edib ki, Beyləqanda da təhsilə və təhsil işçilərinə xüsusi diqqət göstərilir. Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək 550/600-dən çox bal toplayan rayon məzunları Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən xüsusi diqqət və qayğı ilə qarşılanır, onların uğurları fəxri fərman və hədiyyələrlə qiymətləndirilir. Eyni zamanda, əlamətdar günlər və müxtəlif tədbirlər münasibətilə rayon rəhbərliyinin nümayəndələrinin məktəblərdə iştirakı təmin olunur.
Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edərək, ötən tədris ilində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib. Qarşıdakı dövrdə təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və məktəblərdə səmərəli idarəetmənin təmin olunmasının əsas vəzifələrdən olduğu diqqətə çatdırılıb.
Konfransda çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili yeni tədris ilində qarşıda duran əsas vəzifələrdən danışıb. Təhsil nəticələrinin yüksəldilməsi, məktəbdaxili qiymətləndirmənin, xüsusilə KSQ və BSQ-lərin səmərəli təşkili, şagirdlərlə fərdi işin gücləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəb idarəetməsinin təkmilləşdirilməsinin prioritet istiqamətlər olduğu vurğulanıb.
Tədbirdə, həmçinin ötən tədris ilinin nəticələri təhlil edilib, qarşıda duran vəzifələr və yeni tədris ilinin prioritetləri ətrafında fikir mübadiləsi aparılıb, təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.







