Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyi qeyd olundu.

08 may 2025 | 14:37
8 may 2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
 
Tədbir başlamazdan əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmilər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən rəsm əsərləri ilə, eləcə də “Mənim Azərbaycanım” adlı rəsm müsabiqəsində çəkilən rəsm əsərləri ilə tanış olublar.
 
Mədəniyyət Mərkəzində davam edən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
 
Tədbir iştirakçıları Ulu Öndərin zəngin və şərəfli həyat yolunu əks etdirən videoçarxı izlədikdən sonra mərasimin rəsmi hissəsinə keçildi.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki müstəsna rolundan, onun uzaqgörən və zəngin siyasi irsindən, müasir müstəqil Azərbaycanın qurucusu kimi tarixi xidmətlərindən ətraflı danışıb. Rayon rəhbəri Heydər Əliyev siyasi kursunun nəticəsi olaraq Azərbaycanın bu gün regionda aparıcı və dinamik inkişaf edən bir dövlətə çevrildiyini, əldə olunan uğurların məhz bu yolun davamı olduğunu vurğulayıb.
 
Tədbirdə rayon prokuroru Ramazan Hadıyev, Ağsaqqallar Şurasının sədri Etibar İmanov və ziyalı İfrat Məhərrəmov da çıxış edərək Ulu Öndərin ideyalarının əhəmiyyətindən bəhs etdilər.
 
Ardınca Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində I yerə layiq görülən Röya Nəsirli Heydər Əliyevin gənclər siyasətinə həsr olunmuş təqdimatı ilə çıxış etdi.
 
Tədbir rəngarəng konsert proqramı ilə davam edib.
Keçidlər