Beyləqanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
06 may 2025 | 11:37
05 may 2025-ci il tarixində Beyləqan rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Uğur simvoluna çevrilən lider“ adlı tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Beyləqan rayon təşkilatının və Ağsaqqallar Şurasının üzvləri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, mədəniyyət müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsinin ziyarət olunması ilə başlayan tədbirdə dövlət Himni səsləndirilib, Ümummilli Liderin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxış keçirilib.
Tədbirdə Beyləqan rayon İcra Hakimiyyəti Başçısının müavini Yeganə Məmmədova və digər çıxış edənlər, Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik fəaliyyətindən,xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Heydər Əliyevin hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olmasından, Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımların onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər olmasından, bu gün Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyevin gərgin əməyi və fəaliyyəti sayəsində uğurla inkişaf etməsindən bəhs ediblər.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazılıb,
Azərbaycanın sabitlik,tərəqqi yoluna qədəm qoyub və böyük Zəfərin əldə edilməsi üçün möhkəm təməllər yaradılıb.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsinin qalibi, Beyləqan şəhəri, şəhid, Milli Qəhrəman, Namiq Allahverdiyev adına şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Röya Nəsirlinin çıxışı iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.