Beyləqanda Xocalı soyqırımının 34-cü ildönümü anılıb
26 fevral 2026 | 12:37
1992-ci il 26 fevral tarixində xalqımıza qarşı törədilmiş dəhşətli cinayətdən – Xocalı soyqırımından 34 il ötür. Bu faciə Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biri kimi hər zaman dərin hüznlə xatırlanır.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə Beyləqan rayonunda anım mərasimi keçirilib. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Mərasim iştirakçıları Beyləqan şəhərinin girişində yerləşən “Soyqırımı” abidəsini ziyarət edərək faciə qurbanlarının xatirəsini ehtiramla anıb, abidə önünə gül dəstələri düzüblər.
Xocalı şəhidlərinin əziz xatirəsi daim qəlbimizdə yaşayır. Bu faciənin qurbanlarını dərin hörmət və ehtiramla yad edir, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.







