Beyləqanda yazıçı, publisist Şəfəq Nasirlə ədəbi-bədii görüş keçirilib.
24 aprel 2025 | 19:37
24 aprel 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə əslən beyləqanlı, tanınmış yazıçı, publisist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirlə ədəbi-bədii görüş keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya elmləri doktoru, professor Abid Tahirli, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, tənqidçi, esseist, şair Əsəd Cahangir, filologiya elmləri doktoru Pərvanə Məmmədli, yazıçının qələm dostları, idarə, müəssisə və təşkilat nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yazıçının poetik “Salam olsun” etüdlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən natiqlər, ədəbiyyatşünaslar və yazıçının qələm dostları onun ilk yaradıcılıq nümunələri, elmi monoqrafiyaları, transliterasiya etdiyi mətbuat nümunələri və dəyərli məqalələri haqqında ətraflı məlumat verərək, Şəfəq xanımın ədəbiyyatımıza və mənəvi dünyamıza bəxş etdiyi töhfələrdən bəhs edib və əsərlərindən parçalar səsləndiriblər.
Tədbirin rəsmi hissəsində çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yazıçı Şəfəq Nasirin ədəbi fəaliyyətini yüksək qiymətləndirərək onun Beyləqan üçün dəyərli ziyalı obrazını formalaşdırdığını qeyd edib.
Rayon rəhbəri belə görüşlərin ədəbi və mənəvi baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, eyni zamanda bu tədbirləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətə və ziyalılara göstərdiyi xüsusi qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Sonda Şəfəq Nasir çıxış edərək doğma yurdda qarşılanmaqdan duyduğu məmnuniyyəti ifadə edib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Ədəbi görüş poeziya dolu, səmimi ab-havada keçib və iştirakçıların yaddaşında unudulmaz bir an kimi qalıb.