Beyləqanda Yeni Azərbaycan Partiyasının (YAP) 30-cu ildönümü münasibətilə tədbir keçirilib.
02 noyabr 2022 | 17:29
Əvvəlcə ulu öndər Heydər Əliyevin rayonda ucaldılmış abidəsi və rayon Şəhidlər Xiyabanı ziyarət olunub, gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla yad edilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatına fundamental dəyişikliklər gətirməklə yanaşı, siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçdiyini diqqətə çatdırıb. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyasının Heydər Əliyev siyasətinin aparıcı qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfə verdiyini qeyd edən rayon rəhbəri hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının bundan sonra da yüksək nailiyyətlərə imza atacağına inamını ifadə edib. Milli Məclisin deputatı Şahin İsmayılov və YAP İdarə Heyətinin üzvü, professor Elnur Sadıqov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə və Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Tədbirdə Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Beyləqan rayonu, Araz qəsəbə ƏPT sədri Zaur Qədirov və Beyləqan rayonu, Birinci Şahsevən bir saylı ƏPT sədri Elnurə Kazımova çıxış ediblər. Sonda Partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına “Fəxri Fərman”lar, partiya sıralarına yeni qoşulanlara partiya vəsiqələri və Vətən müharibəsində medal alan bir qrup hərbi qulluqçulara, o cümlədən Beyləqan RİH başçısı aparatının böyük məsləhətçisi, Vətən Müharibəsi veteranı Kənan Rüstəmova medalları təqdim olunub.