Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Zəfər Günü böyük coşğu ilə qeyd edilib.

08 noyabr 2024 | 21:30
Respublikanın bütün bölgələrində olduğu kimi Beyləqanda da xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 noyabr-Zəfər Günü böyük təntənə ilə qeyd olunur.
 
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər bayramı münasibətilə şəhid ailələrinə, qazi və Vətən Müharibəsi iştirakçılarına ziyafət verilib.
 
Tədbirdə RİH-nin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Şahin İsmayılov, hüquq mühafizə orqanlarının rəhbərləri, Birinci və İkinci Qarabağ Müharibəsi şəhidlərinin ailələri, qazi, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, media nümayəndələri iştirak edib.
 
İlk olaraq iştirakçılar şəhərin mərkəzində ucaldılan Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
 
Daha sonra “İmperial” sarayında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş edilib.
 
Tədbiri giriş nitqi ilə açan RİH başçısı Əziz Əzizov xalqımızı, eləcə də beyləqanlıları Zəfər Günü münasibətilə təbrik etdi.
 
İcra başçısı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qəhrəman hərbiçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıdıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Zəfər Günü Azərbaycan xalqının tarixinin ən qürurlu, fəxarətli günüdür.
 
Milli Məclisin deputatı Şahin İsmayılov, Rayon Prokuroru Ramazan Hadıyev, şəhid atası Qənbərov Novruz, qazi Asim Əliyev və digərləri çıxış edərək tədbir iştirakçılarını təbrik etdi, Azərbaycan xalqına daim Qələbə və Zəfər arzuladılar.
 
Tədbir rayonumuzun tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Zəfərin mübarək qüdrətli Vətən!” adlı konsert proqramı ilə davam etdirilib.
Keçidlər