Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirilib
04 noyabr 2026 | 14:22
44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm Qələbənin təcəssümü olan 8 Noyabr – Zəfər Günü ərəfəsində Beyləqan rayonunda silsilə tədbirlər həyata keçirilir. Bu çərçivədə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub.
Şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq yeni salınmış Şəhidlər Abidə Kompleksinin park ərazisində keçirilən aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə müxtəlif növ ağaclar və dekorativ bitkilər əkilib. Əkilən hər bir ağac Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Qeyd edək ki, Zəfər Günü ərəfəsində kompleksin park ərazisində ağacəkmə aksiyası davam etdiriləcəkdir.







