Beyləqanlı ziyalı paytaxtda keçirilən tədbirdə rayonumuzu layiqincə təmsil edib
30 aprel 2026 | 10:01
Aprelin 29-da Bakı şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə “Sahibkarlar günü”nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Beyləqan rayonunun ziyalısı İfrat Məhərrəmov da iştirak edərək rayonu layiqincə təmsil edib. Müxtəlif dövlət qurumlarının rəhbər şəxslərinin, sahibkar birliklərinin nümayəndələrinin və iş adamlarının qatıldığı tədbirdə sahibkarlığın inkişafı istiqamətində görülən işlər və perspektivlər müzakirə olunub.
İfrat Məhərrəmov tədbir çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşərək Beyləqan rayonunda sahibkarlara yaradılan əlverişli şəraitdən bəhs edib. O, xüsusilə vurğulayıb ki, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sahibkarların sərbəst fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, onların problemləri ilə mütəmadi maraqlanılır və dəstək tədbirləri həyata keçirilir.
Eyni zamanda, o, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər rəsmi şəxslərlə görüşərək Beyləqanı fəxrlə təmsil etdiyini vurğulayıb.
Beyləqanlı ziyalı bu cür nüfuzlu tədbirdə iştirakına yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.







