Birinci Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
16 sentyabr 2026 | 10:04
Birinci Qarabağ müharibəsi şəhidi Rzayev Ələmdarın Sulduz oğlunun qızı Zəhra Rzayevanın vəfatı ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və icra hakimiyyəti başçısı aparatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər.
Ziyarət zamanı Zəhra Rzayevanın vəfatı ilə əlaqədar ailə üzvlərinə başsağlığı verilib, mərhumənin yaxınlarına səbir dilənilib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Rzayev Ələmdar Sulduz oğlu Qaradağlı kənd tam orta məktəbinin məzunu olub. O, 1978-ci ildə orta təhsilini başa vurduqdan sonra Sovet ordusunda həqiqi hərbi xidmət keçib, hərbi xidmətdən sonra doğma kəndinə qayıdıb. Daha sonra Gəncə şəhərində yerləşən hərbi hissədə hərbi xidmət keçən Ələmdar Rzayev Birinci Qarabağ müharibəsi zamanı Tərtər və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, Ağdərə rayonunun Suqovuşan ərazisində gedən döyüşlər zamanı şəhid olub.
Şəhid Ələmdar Rzayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.







