Bu gün Azərbaycanın Milli Qəhrəmanı,Birinci Qarabağ müharibəsinin şəhidi Akif Əkbərovun doğum günü qeyd olunub.
02 fevral 2025 | 15:24
Milli Qəhrəman Akif Əkbərovun doğum günü tədbirində şəhidin ailə üzvləri ilə yanaşı rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev və üzvləri də iştirak etdilər.
Mərasim iştirakçıları tərəfindən əvvəlcə şəhidin şəhər qəbiristanlığında məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Sonra ziyarətgahda təşkil olunmuş ehsan süfrəsi ətrafında toplaşan ziyarətçilər onun keçdiyi qısa, lakin şərəfli ömür yolundan danışıb, xatirələrini bölüşüblər.
Akif Əkbərov 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində dünyaya göz açıb. Məqsədinə çatmaq üçün gərgin və şərəfli bir həyat sürən Akif Əkbərov, son dərəcə vətənpərvər bir insan olaraq, Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.
1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində polis əməkdaşı kimi fəaliyyətə başlayıb.
Birinci Qarabağ müharibəsi başladıqdan sonra, 1991-ci il avqust ayının 5-də, Akif Əkbərov və digər polis əməkdaşları Kəlbəcər rayonunun "Sarı yer" yaylağına ezam olunurlar.
12 avqust 1991-ci ildə erməni qüvvələri "Sarı yer" yaylağına hücuma keçirlər. Ön cəbhədə yer alan Akif düşmənin xeyli canlı qüvvəsini məhv edir.
Altı saat çəkən döyüşdə düşmənin gülləsi də ondan yan keçmir və Akif Əkbərov qəhrəmancasına həlak olur.
Akif Əkbərov ölümündən sonra, 8 oktyabr 1992-ci ildə, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!!