Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Beyləqan rayonunun qəhrəmanlarından-Şəhid Məmmədov Mürşüd Zülfüqar oğlunun doğum günüdür.

27 iyul 2023 | 12:59
Şəhidin doğum günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Heybət Əliyev şəhidin yaxınları ilə birgə onun məzarını ziyarət etmiş, müqəddəs ruhuna dualar oxumuşdur.
 
Məmmədov Mürşüd Zülfüqar oğlu 1998-ci il iyulun 27-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub.
 
Mürşüd Məmmədov 2016-ci ilin iyulunda “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Mürşüd xidmət etdiyi dövrdə öz nizam-intizamı ilə seçilib, bacarığı, təşəbbüskarlığı və vətənpərvərliyi ilə fərqlənib. 2018-ci ildə hərbi hissə komandiri tərəfindən vəzifə borclarını şərəf və vicdanla yerinə yetirdiyinə, eləcə də ona etibar edilmiş silah və texnikaları müasir tələblər baxımdan dərindən öyrənməsinə görə ailəsinə və oxuduğu məktəbin rəhbərliyinə fəxri fərman və təşəkkürnamələr göndərilib. O, 2018-ci ildə hərbi xidmətini uğurla başa vurub.
 
2020-ci ilin 12 iyulunda düşmənin təxribatı nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər bir çoxları kimi Mürşüdün də həyatının dönüş nöqtəsi olub. Milli Qəhrəman general-mayor Polad Həşimovun şəhadətindən sonra o, “Generalı şəhid olan ölkənin əsgəri evdə otura bilməz” – deyərək SHXÇDX-nın Beyləqan rayon şöbəsinə müraciət edərək könüllü yazılır. Lakin 1 aydan çox vaxt keçsə də, hər hansı bir cavabın çıxmamasını görən Mürşüd sənədlərini “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursuna verib. Kursu uğurla bitirərək Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissənin kəşfiyyat taborunda kəşfiyyatçı kimi xidmətə başlayıb.
 
Təcavüzkar Ermənistanın sentyabrın 27-də əl atdığı növbəti qanlı təxribatına cavab olaraq ordumuzun başladığı əks-hücum əməliyyatında Mürşüd də xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. Döyüş yolu Füzulidən başlayan qəhrəmanımız bir çox ərazilərimizin işğaldan azad olunmasında xüsusi fədakarlıqlar göstərib. Füzuli, Cəbrayıl və Qubadlı rayonlarında uğurlu döyüş əməliyyatlarında iştirak edib. Oktyabrın 21-də yaxınlığına düşən minomyot mərmisindən qəlpə yarası almış, tam sağalmasa da, öz istəyi ilə bir neçə gün sonra yenidən cəbhəyə qayıtmışdır. Noyabrın 5-də növbəti döyüşdə düşmənə xeyli itki verən qəhrəmanımız snayperlə vurularaq şəhidlik zirvəsinə ucalıb. O, noyabrın 6-da Birinci Şahsevən kəndində uğrunda canını fəda etdiyi Vətən torpağına tapşırılıb.
 
Şəhidimizin böyük qardaşı Murad da Vətən müharibəsində könüllü olaraq iştirak edib.
 
Mürşüd subay idi. Ailədə üç qardaş, iki bacı idilər. Şəhidimizin anası 2016, atası 2019-cu ildə vəfat edib.
 
İgidliyi və qəhrəmanlığı ilə adını tariximizin şanlı səhifəsinə əbədi yazan əsgər Məmmədov Mürşüd Zülfüqar oğlu ölümündən sonra iştirak etdiyi döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” , “Hərbi xidmətlərə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Keçidlər