Bu gün torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vüsal Şakir oğlu Abdullayevin dördüncü ildönümü qeyd olunub.
04 noyabr 2024 | 16:29
Sarısu qəsəbəsində keçirilən anım tədbirində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavini və şöbə müdirləri də iştirak ediblər.
Rayon rəhbəri şəhidin ailəsinə başsağlığı verib onların qayğıları ilə maraqlandı.
Vətən müharibəsi şəhidi Vüsal Şakir oğlu Abdullayev 1986-cı il 15 martda Beyləqan rayonunun Sarısu qəsəbəsində anadan olub.
Vətən müharibəsi başlayanda könüllü olaraq SHXÇDX-nin Beyləqan rayon şöbəsinə gedərək cəbhəyə yola düşüb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə igidliklə vuruşub.
Onun ağır döyüş yolu Füzuli, Zəngilan, Cəbrayıldan keçib. Son döyüşü Qubadlı uğrunda olub.
Vüsal Abdullayev 22 oktyabr 2020-ci ildə Qubadlı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bir müddət nəşini götürmək mümkün olmayıb. Noyabr ayının 4-ü Vüsalın nəşi ailəsinə verilib. Elə həmin gün rayon Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Vüsal Abdullayev ölümündən sonra "Vətən uğrunda" "Cəbrayılın azad olunmasına görə","Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edildi.