Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid Bayramov Elbrus Eyvaz oğlunun doğum günüdür!

01 dekabr 2023 | 17:24
Tarixi Zəfərin qazanılmasında böyük şücaət göstərərək canını qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı Elbrus Eyvaz oğlu Bayramovdur. 1 dekabr 1986-cı ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Xidməti dövründə Elbrus Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 ,100 illik yubiley və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib.
Şəhidimizin doğum günü onun doğulduğu, boya-başa çatdığı Milabad qəsəbəsində, şəhidlər abidəsinin önündə qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələr, məktəblilər iştirak edib.
Qeyd edək ki, Bayramov Elbrus Eyvaz oğlu həmçinin 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Elbrus bölüyü ilə döyüşə Füzuli rayonundan başlayır və birbaşa irəli atılır. Elbrus idarə etdiyi tankda minaya düşüb yaralanmasına baxmayaraq, geri çəkilmir, zirehli tankla ermənilərin silah dolu maşınını və otuzdan çox canlı qüvvəsini məhv edir. Oktyabrın 1-də isə düşmənin o istiqamətdə bütün döyüş, rabitə və tibb heyəti darmadağın olunur. Strateji yüksəkliklər isə Azərbaycan döyüşçülərinin əlinə keçir. Öz döyüşçüləriylə canları və qanları bahasına qazandıqları mövqeləri əldən vermirlər. Yaralı-yaralı vuruşan mayorun ağrıları, acıları yadına belə düşmür. Onun və döyüş dostlarının məqsədi tezliklə Qarabağ torpaqlarını yağılardan geri almaq, haqq müharibəsini qələbə ilə başa vurmaq idi. Oktyabrın 2-də Füzuli ətrafında düşmən bunkerinə hücum əmri verilir. Ermənilərin əsas canlı qüvvəsi məhz orada cəmləşmişdi.
Elbrusun hərbçi yoldaşları qeyd edir ki, o, həmin gün mühasirəyə düşmüş taborun köməyinə şəxsi heyəti ilə gəlir və çətin mövqedən çıxara bilirlər. Oktyabrın 2-də şəxsi bölüyü ilə hücuma keçən mayor Elbrus Bayramov tarixə öz adını yazdı.
Elə həmin anda qanlı döyüş gedərkən əfsanəvi qəhrəmanlıq göstərən mayor sığınacaqdan erməni zirehli tankının bizim döyüşçülərin üstünə gəldiyini görür. Anlayır ki, onu dayandırmasalar, mövqeləri ələ keçiriləcək və çoxlu canlı itki verəcəklər. Bu vaxt düşmən durmadan mövqelərimizə atəş açır. Elbrus zabit yoldaşını əsgərlərin yanına göndərir. Sağ cinahdakılara təhlükə barədə xəbər verir. Götürdüyü əl qumbarasıyla onların üzərinə gələn tankın qarşısına yeriyir. Tanka çatana qədər snayperlə ayağından vurulsa da, özündə güc toplayıb igidcəsinə özünü irəli atır. Elbrus tankın lüləsindən qumbaranı içəri tullayır. Heyəti və tankı məhv edir. Və beləliklə, yüzdən çox əsgər və zabitimizi düşmənin hiyləgər hücumundan qurtarır. Ordumuzun irəliləməsinə şərait yaradır. Özü isə qəhrəmancasına şəhid olur. Qəhrəman şəhidimiz Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə Elbrus Eyvaz oğlu Bayramov "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, həmçinin, "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunub. 2 övladı Vətənə yadigar qalıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Beyləqan Şəhəri Təbiət və Humanitar Fənlər Təmayüllü Liseyə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı Elbrus Eyvaz oğlu Bayramovun adı verilmişdir.
Keçidlər