Bu gün Vətən müharibəsində həlak olmuş şəhid Siyahim Dəmirovun şəhadətinin dördüncü ildönümü keçirildi.
01 noyabr 2024 | 13:47
Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərdə canlarını qurban vermiş qəhrəman şəhid Dəmirov Siyahim Əlizamin oğlunun Əlinəzərli kəndində keçirilən anim mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının sədri, hüquq -mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları da iştirak ediblər.
Tədbirdə şəhidin keçdiyi döyüş yolundan danışılıb, şəhidlərimizin xatirəsinə ehtiram ifadə olunub, Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarını fəda etmiş hərbçilərimizin hər birinin xatirəsinin əziz tutulduğu vurğulanıb. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı qələbənin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığı bildirilib. Bu şərəf tarixini öz qanları və canları ilə yazan şəhidlərin ailələrinə və qəhrəman qazilərə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyi qeyd edilib.
Şəhid Siyahimin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik giziri olan Siyahim Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Siyahim Dəmirov oktyabrın 29-da Şuşa istiqamətində şəhid olub.Beyləqan şəhərində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Siyahim Dəmirov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə","Kəlbəcərin azad olunmasına görə","Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.