Bu gün Vətən müharibəsində şəhid olmuş Zamiq Hacıyevin şəhadətinin dördüncü ildönümü keçirilib.
30 oktyabr 2024 | 15:10
Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərdə canını qurban vermiş qəhrəman şəhidimiz Hacıyev Zamiq Eldar oğlunun anim mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının sədri, hüquq -mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları da iştirak ediblər.
Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəsindən və şəhid Zamiq Hacıyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Şəhid ailələləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu olan Zamiq Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Hadrut qəsəbəsinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 29-da Xocavəndin Tuğ kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Zamiq Hacıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.