Daşkənddə IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib
23 avqust 2026 | 20:12
22 avqust 2026-cı il tarixdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında IV Regionlararası Forum keçirilib.
Forumun təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikası ilə dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi xüsusi əhəmiyyətin, həmçinin iki ölkə arasında regional səviyyədə iqtisadi-ticari əməkdaşlığın daha da gücləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi niyyətinin növbəti bariz nümunəsidir. Bu forum ölkələr arasındakı mövcud potensialın reallaşdırılması, işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşlarının stimullaşdırılması baxımından mühüm platforma olub.
Forumda hər iki ölkənin dövlət rəsmiləri, region rəhbərləri, o cümlədən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, investisiya agentliklərinin nümayəndələri və aparıcı işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Qudratov çıxışlarında iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi sahədə də uğurla inkişaf etdiyini vurğulayıb, ticarət, investisiya, sənaye və regionlararası əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparıblar.
Məlumat üçün qeyd edək ki, 22 avqust 2024-cü il tarixdə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 2-ci Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində Beyləqan rayonu ilə Özbəkistanın Şəhrisəbz şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı sənədlər imzalanıb.
Bu il keçirilən Forum çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Şəhrisəbz şəhərinin də daxil olduğu Kaşkadərya vilayətinin sədr müavini Əlişir Zakirov və həmin hakimiyyətin strukturunda şöbə rəhbəri Furqat Aliboyevlə görüşüb.
Görüş zamanı Beyləqan rayonu ilə Kaşkadərya vilayəti arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, regionlararası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər kənd təsərrüfatı, sahibkarlıq, investisiya, ticarət, sosial və mədəni sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edib, qarşılıqlı səfərlərin və işgüzar görüşlərin təşkili, yerli sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi perspektivlərini nəzərdən keçiriblər.
Ümumilikdə, IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu iki ölkənin regionları arasında əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması baxımından mühüm platforma olub.







