Dünyamalılar kəndində şəhid İsmayılov Səxavət Sabir oğlunun mövlud günü qeyd olunub.
19 avqust 2024 | 10:38
19 avqust 2024-cü il tarixdə Vətən müharibəsi şəhidi İsmayılov Səxavət Sabir oğlunun doğum günü Dünyamalılar kəndində şəhidin məzarı yanında qeyd olunub. Mövlud tədbirində Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, DTX-in rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev, RİH-in əməkdaşları, şəhidin valideynləri, şəhid anaları, qazilər, veteranlar və kənd sakinləri iştirak ediblər. Şəhidin məzarına gül dəstələri düzülüb, ruhuna dualar oxunub, keçdiyi şərəfli həyat yolundan bəhs olunub.
Şəhid Səxavət İsmayılov 19 avqust 1997-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində Sabir İsmayılovun ailəsində anadan olmuşdur. 2003-2014-cü illərdə orta təhsil almışdır. Səxavət İsmayılov 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2017-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Səxavət İsmayılov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səxavət İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səxavət İsmayılov 7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuş, Beyləqan rayonu Dünyamalılar kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Səxavət İsmayılov ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" , "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah rəhmət etsin!