Əlinəzərli kəndində su kanalının əsaslı təmirinə başlanıb
16 oktyabr 2025 | 15:40
Əlinəzərli kəndi ərazisindən keçən və uzun illər boyunca yararsız vəziyyətdə olan, dren kanalının üzərindən keçməklə əhəmmiyyətli dərəcədə su itkiləri yaranan kanalın əsaslı təmir işlərinə başlanılıb. Təmir layihəsi bölgədə suvarma infrastrukturunun dayanıqlığını təmin etmək, kənd təsərrüfatı sahələrinin məhsuldarlığını artırmaq, əsasən su itkilərinin qarşısının almaq, həmçinin Əlinəzərli və Orta Əlinəzərli kənd sakinlərinin suvarma ehtiyaclarını optimal səviyyədə qarşılamaq məqsədilə həyata keçirilir.
İlkin mərhələdə suyun yuması nəticəsində yaranmış böyük çalalar doldurulub və kanalın yenidən çəkilməsi üçün torpaq bərkidilməsi işləri aparılıb. Bu işlər kanalın möhkəmliyini və uzunmüddətli istifadəsini təmin etmək baxımından əhəmiyyət kəsb edir.
Layihənin növbəti mərhələsində kanal beton üzlüyə alınacaq ki, bu da suyun axınını tənzimləyəcək, eroziya və torpaq sürüşməsinin qarşısını alacaq, həmçinin kənd ərazisində suvarma sisteminin effektivliyini xeyli artıracaq. Təmir işləri eyni zamanda kənd təsərrüfatı fəaliyyətinin davamlı inkişafına dəstək verəcək və bölgədə sosial-iqtisadi rifahın yüksəldilməsinə töhfə olacaq.
Rayonun Əlinəzərli kəndində aparılan əsaslı təmir işləri müvafiq dövlət qurumları tərəfindən diqqətlə izlənilir və işlərin keyfiyyətli və vaxtında tamamlanması təmin ediləcək.







