“Erkən evliliyin qanunvericilikdə qadağan edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib
13 noyabr 2026 | 09:45
Beyləqan rayonunda yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması, erkən evlilik hallarının qarşısının alınması və bu sahədə hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə maarifləndirici tədbirlər davam etdirilir.
Bu çərçivədə Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 9 və 10-cu sinif şagirdlərinin iştirakı ilə “Erkən evliliyin qanunvericilikdə qadağan edilməsi” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə Beyləqan rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Cəfərova Lamiyə Elman qızı və Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əsgərov Suliddin Yavər oğlu çıxış ediblər.
Çıxışlar zamanı şagirdlərə nikah hüququ, nikaha daxil olmanın qanunvericiliklə müəyyən edilmiş şərtləri, nikah yaşına dair tələblər və bu sahədə Azərbaycan Respublikası Konstitusiyası, Ailə Məcəlləsi və Cinayət Məcəlləsinin müvafiq müddəaları barədə ətraflı məlumat verilib. Erkən nikahın qanunvericiliklə qadağan olunduğu diqqətə çatdırılaraq, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyə məcbur edilməsi və ya belə halların təşkilində iştirakın hüquqi məsuliyyətə səbəb olduğu vurğulanıb.
Həmçinin erkən evliliyin uşaqların təhsil hüququna, fiziki və psixoloji sağlamlığına, gələcək inkişafına mənfi təsirləri, eləcə də bu halların digər hüquq pozuntularına və cinayət məsuliyyətinə yol aça bilən nəticələri müzakirə olunub. Mövzu ilə bağlı Beyləqan rayonu ərazisində 2025-ci il və 2026-cı ilin birinci yarımili ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə qeydə alınmış cinayət işlərinin müqayisəli təhlili aparılaraq şagirdlərin diqqətinə çatdırılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, erkən evliliyin qarşısının alınmasında ailənin, məktəbin və cəmiyyətin birgə məsuliyyətinin, uşaqların hüquq və qanuni mənafelərinin qorunmasının vacibliyi xüsusi vurğulanıb.







