“Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib
22 sentyabr 2025 | 17:17
22 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli Regional İdarəsi və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon sektorunun birgə təşkilatçılığı ilə F.Hacıyev adına şəhər 2 saylı tam orta məktəbdə “Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Beyləqan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elçin Abdullayev çıxış edərək bildirib ki, tədbirin mövzusu Vətən Müharibəsinin 5-ci ildönümü ərəfəsinə təsadüf etməsi ilə daha da əlamətdar xarakter daşıyır. O, Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Qələbənin dövlət-xalq birliyinin və gənclərdə formalaşdırılan vətənpərvərlik ruhunun nəticəsi olduğunu vurğulayıb.
Çıxışında həmçinin şəhidlərimizin əziz xatirəsinin daim hörmətlə yad ediləcəyini və qazilərin nümunəvi həyat yolunun gənclər üçün örnək olduğunu qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli Regional İdarəsinin əməkdaşı Bəhrəm Abbaslı, məktəbin direktoru Bəhruz Fətəliyev və digərləri çıxışında gənclərin sağlam ideoloji mühitdə formalaşmasının, dini və milli dəyərlərin düzgün mənimsədilməsinin vacibliyini diqqətə çatdırıb, təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin sistemli şəkildə aparıldığını, müəllimlərin şagirdlərə həm bilik, həm də mənəvi dəyərlər aşılamaq məsuliyyəti daşıdığını qeyd ediblər.







