İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirmə işi aparılıb
10 iyun 2026 | 12:37
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilir. İnsan Hüquqları Aylığının keçirilməsində məqsəd insan hüquq və azadlıqlarının təbliği, əhalinin hüquqi biliklərinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi və insan hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə işinin daha da gücləndirilməsidir.
İnsan Hüquqları Aylığı çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış maarifləndirici bukletlər İcra Hakimiyyətində istehsalat təcrübəsi keçən tələbə tərəfindən rayon sakinləri arasında paylanılıb, eləcə də ictimai yerlərdə yerləşdirilib.
Bukletlərdə insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquq və vəzifələri, qanun qarşısında bərabərlik prinsipi, ayrı-seçkiliyin yolverilməzliyi, müraciət etmək hüququ və digər mühüm hüquqi məsələlər barədə məlumatlar öz əksini tapıb. Eləcə də, bukletlərin paylanılması zamanı sakinlərə insan hüquqlarının qorunmasının əhəmiyyəti barədə məlumat verilib, onların hüquqi məlumatlılığının artırılması istiqamətində izahat işləri aparılıb.
Həyata keçirilən maarifləndirmə işi insan hüquqlarının təşviqinə, vətəndaşların hüquqi biliklərinin artırılmasına və cəmiyyətdə hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsinə xidmət edir.







