Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik ili” çərçivəsində tədbir keçirilib

22 avqust 2025 | 10:42
Beyləqanda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilmişdir.
 
İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİH başçısının müavinləri və aparatın şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak ediblər.
 
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdə misilsiz xidmətlərindən danışaraq qeyd etmişdir ki, Azərbaycanın müstəqil inkişaf yoluna qədəm qoyduğu ən çətin dövrdə Ulu Öndər xalqın xilaskarı kimi səhnəyə çıxmış, dövlətçiliyimizin möhkəmlənməsi və hüquqi əsaslarının yaradılması istiqamətində tarixi qərarlar qəbul etmişdir.
 
Əziz Əzizov vurğulamışdır ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik idealının rəmzidir. Bu sənədin hazırlanması və qəbul edilməsi məhz Heydər Əliyevin uzaqgörənliyi, siyasi qətiyyəti və dövlətçilik düşüncəsinin nəticəsi olmuşdur.
 
Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov və digər natiqlər çıxış edərək Ümummilli Liderin konstitusiya quruculuğu sahəsində tarixi xidmətlərini işıqlandırmışlar. Onlar bildiriblər ki, Azərbaycan Konstitusiyası demokratik dəyərləri, insan hüquq və azadlıqlarını təmin edən əsas qanun olmaqla, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına mühüm töhfə vermişdir.
 
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının daim yaşadılacağını, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının isə dövlətimizin demokratik inkişaf yolunun təminatçısı kimi mühüm əhəmiyyət daşıdığını vurğulamışlar.
Keçidlər