“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
21 noyabr 2025 | 09:25
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra YAP-ın 33 illik tarixinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxışında partiyanın yaranmasına səbəb olan tarixi şəraitdən, 1992-ci ildə ölkənin üzləşdiyi siyasi böhrandan və həmin dövrdə Ulu Öndər Heydər Əliyevin milli xilasa yönəlik müstəsna rolundan bəhs edib. O, YAP-ın təsis mərhələsi, təşkilatlanma prosesi və partiyanın dövlət müstəqilliyinin qorunub möhkəmlənməsində oynadığı aparıcı missiya barədə ətraflı məlumat verib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında YAP-ın yaradılmasının Azərbaycan dövlətçiliyi üçün həlledici siyasi hadisə olduğunu qeyd edib. Bildirib ki, 21 noyabr 1992-ci ildə təsis olunan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ölkəni xaosdan çıxaran, dövlətçiliyin əsas sütununu təşkil edən güclü siyasi qüvvəyə çevrildi. Əziz Əzizov vurğulayıb ki, bu gün 730 mindən çox üzvü birləşdirən YAP Azərbaycanın hər bir uğurunun arxasında dayanan milli birlik və inkişaf strategiyasının daşıyıcısıdır və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin siyasi, sosial və iqtisadi həyatında aparıcı rolunu davam etdirir.
Daha sonra Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, “Beyləqan RMX” PHŞ-nin direktoru Bayram Muradov və veteran partiya üzvü Bakir Həsənov çıxış edərək Heydər Əliyev irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, Azərbaycanın regionun lider dövlətinə çevrilməsinin məhz bu siyasi xəttin nəticəsi olduğunu qeyd ediblər.
Tədbirin gedişatında YAP-ın ictimai-siyasi həyatında fəallığı ilə seçilən partiya üzvlərinə “Fəxri Fərman”lar təqdim olunub, partiyaya yeni qəbul edilən gənclərə üzvlük vəsiqələri verilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.







