Mayak qəsəbəsi və Təzəkənd kəndində şəhidlərin məzarları ziyarət olundu.
25 sentyabr 2025 | 12:27
Vətən Müharibəsində qazanılmış tarixi Zəfərin beşinci ildönümü ərəfəsində Beyləqanda şəhid məzarlarının ziyarəti davam etdirilir. Bu münasibətlə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Elşad Əzimov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, eləcə də icra aparatının əməkdaşları Mayak qəsəbəsi və Təzəkənd kəndində şəhidlərin uyuduqları məzarları ziyarət ediblər.
Ziyarət zamanı qəhrəman Vətən övladlarının ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyularaq onların müqəddəs xatirəsi dərin ehtiramla yad olunub.
Eyni zamanda, RİH başçısı şəhid ailələri ilə görüşərək onlarla səmimi söhbət aparıb, qayğı və ehtiyacları ilə maraqlanıb. Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi Zəfər şəhidlərimizin canı və qanı bahasına qazanılıb. Ona görə də onların ailələrinə göstərilən diqqət və qayğı sadəcə mənəvi borc deyil, həm də dövlətimizin dəyişməz mövqeyidir. Şəhidlərimizin əbədi xatirəsi daim uca tutulacaq, qazandıqları zəfər gələcək nəsillər üçün qürur mənbəyi olaraq qalacaqdır.







