Məişət zorakılığına qarşı maarifləndirici tədbir keçirilib
03 noyabr 2025 | 15:57
3 noyabr 2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beyləqan şəhər Humanitar fənlər təmayüllü liseydə “Məişət zorakılığına qarşı cəmiyyətin birgə mübarizəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının, Rayon Polis Şöbəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Tədbir çərçivəsində “Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə qrupu”nun üzvləri — Beyləqan RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Azər Quliyev və Uşaq hüquqları üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov məişət zorakılığının növləri, onun cəmiyyət və fərd üçün fəsadları, hüquqi müdafiə mexanizmləri, zərərçəkmiş şəxslər üçün mövcud psixoloji və sosial dəstək imkanları barədə geniş məlumat veriblər.
Çıxış edən Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşı Rəşad Əliyev məişət zorakılığının hüquqi məsuliyyəti, polisə müraciət mexanizmləri və təcili müdaxilə prosedurları barədə danışıb, gənclər və idman sektorunun aparıcı məsləhətçisi Elnur Səfərov, Liseyin direktoru Gülnarə Məmmədova və digər çıxışçılar mövzu ilə bağlı fikir və tövsiyələrini bölüşərək, məişət zorakılığına qarşı mübarizədə cəmiyyətin, təhsil müəssisələrinin və ailələrin üzərinə düşən vəzifələrin vacibliyini vurğulayıblar.
Tədbir iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında müzakirələrlə davam edib.







