Mil qəsəbəsində səyyar vətəndaş qəbulu keçirilib.
14 aprel 2026 | 12:00
Beyləqan rayonunun Mil qəsəbəsində vətəndaşların müraciətlərinin yerində araşdırılması və operativ həllinin təmin olunması məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən növbəti səyyar qəbul təşkil edilib.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon rəhbərliyi, icra başçısının müavinləri, şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
Qəbul başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxış edən Beyləqan RİH başçısı Əziz Əzizov vətəndaş müraciətlərinə həssas yanaşılmasının, insanların problemlərinin yerində öyrənilərək operativ həllinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, səyyar qəbulların keçirilməsində məqsəd vətəndaş məmnunluğunun təmin olunması, sosial məsələlərin vaxtında və qanunamüvafiq qaydada həll edilməsidir.
Ardınca qəsəbə sakinləri müxtəlif məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. RİH başçısı Əziz Əzizov hər bir müraciəti diqqətlə dinləyərək onların araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Qəbul zamanı vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.







