Şriftin ölçüsü :

Saytın rəngi :

Milabad qəsəbəsində antiterror əməliyyatlarında şəhid olan Həmidli Həmid Əlisahib oğlunun və Sumbatzadə Vüsal Barat oğlunun məzarları ziyarət olundu.

19 sentyabr 2024 | 18:05
Ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Ramazan Hadıyev, rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidlərin yaxınları iştirak ediblər. Ziyarətçilər şəhidlərin məzarlarına tər gül dəstələri düzüb, ruhlarına dualar oxuyaraq xatirələrini ehtiramla yad ediblər.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov antiterror əməliyyatlarında qəhrəmancasına savaşaraq torpaqlarımızı xayın düşməndən təmizləyən, vətənimizin suverenliyini təmin edən Azərbaycan Ordusunun şücaətindən, hərb tariximizin ən parlaq səhifələrindən olan antiterror əməliyyatında hərbçilərimizin peşəkarlığından danışıb. Rayon rəhbəri üzərindən neçə illər belə ötsə bu uğurlu əməliyyatın və buna imzasını atan qəhrəmanlarımızın heç vaxt unudulmayacağını diqqətə çatdırıb.
 
Qeyd edək ki, antiterror əməliyyatları zamanı Milabad qəsəbəsi 2 şəhid verdi. Hər iki qəhrəman öz hünərləri, peşəkarlıqları, eləcə də vətənə olan sədaqəti ilə tanınırdı.
 
Şəhidlərimizdən Kapitan Həmid Həmidli Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı düşmənə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib əsl igidlik nümunəsinə çevrildi. Ömrünü, gününü və nəhayət canını torpağımızın, vətənimizin azadlığı uğrunda fəda edən, döyüşlərdə bir an belə geri çəkilməyən igidimiz İkinci Qarabağ Müharibəsindən qələbə ilə ayrıldı. Döyüşlərdə ağır yaralanmasına baxmayaraq sağalıb yenə vətənə olan borcunu ödəmək üçün hərb sahəsinə geri dönən qəhrəmanımız sentyabrın 19-20-də Qarabağda keçirilən anti-terror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Kapitan Həmid Həmidli “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
 
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vüsal Sumbatzadə də 44 günlük Vətən Müharibəsində iştirak etmiş və çox saylı medallar ilə təltif edilmişdir.
Vüsal Sumbatzadə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı xüsusi peşəkarlıq, şücaət və mərdlik göstərmiş, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
 
Vüsal Sumbatzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Keçidlər