“MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialında görülən hazırlıq işlərinə baxış keçirilib.
09 oktyabr 2025 | 09:07
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov pambıq yığımı mövsümünə hazırlıq çərçivəsində rayon ərazisində fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialında olub, müəssisədə aparılan hazırlıq işlərinin gedişatı, texnikaların sazlıq vəziyyəti və ümumi istehsal prosesi ilə tanış olub.
Rayon rəhbəri pambıq yığımının vaxtında və səmərəli təşkili, texnikaların fasiləsiz işləməsi, həmçinin əmək intizamının və təhlükəsizlik tələblərinin təmin edilməsi ilə bağlı öz göstəriş və tövsiyələrini verib. Əziz Əzizov qarşıya qoyulan hədəflərin vaxtında icrası üçün əlaqəli qurumlar arasında koordinasiyanın gücləndirilməsini, mövsüm ərzində işlərin operativ şəkildə idarə olunmasını və texniki hazırlığın daimi nəzarətdə saxlanılmasını tapşırıb.
Filialın rəhbəri Rüfət Yarıyev müəssisənin hazırkı vəziyyəti barədə məlumat verib. Qeyd olunub ki, pambıq yığımının səmərəli təşkili məqsədilə bütün texnika və avadanlıqlara texniki baxış keçirilib, kombayn və daşıyıcı traktorların mövsümə tam hazırlığı təmin olunub. Bu istiqamətdə aqronom və texniki heyətin iştirakı ilə lazımi təmir-profilaktika tədbirləri yerinə yetirilib.
Bildirilib ki, görülən hazırlıq işləri və yaradılan şərait pambıq yığımının vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, eləcə də rayon üzrə məhsuldarlığın yüksəldilməsinə zəmin yaradacaq.







