Müstəqilliyin Bərpası Günü ərəfəsində Beyləqanda fərdi fotosərgi keçirilib
15 oktyabr 2026 | 12:45
18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ərəfəsində Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə döyüşçü-fotoqraf Nurəhməd Arzuman oğlu Vəliyevin 1992–1996-cı illərdə Füzuli cəbhəsində baş verən döyüşləri və həmin dövrdə Beyləqan rayonunda yaşanan hadisələri əks etdirən fotolarından ibarət “Bir fotoqrafın ömrü və bir ömrün fotoqrafı” – “Tarixin yaddaşında: Obyektivdə qalan döyüş illəri (1992–1996)” adlı fərdi fotosərgi keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, icra hakimiyyəti aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgi ilə tanışlıq zamanı Nurəhməd Vəliyev iştirakçılara fotoların çəkilmə tarixçəsi, onların əks etdirdiyi hadisələr və həmin illərdə cəbhə bölgəsində yaşanan çətinliklər barədə ətraflı məlumat verib. Fotolarda müharibənin ağır reallıqları, döyüşçülərin qəhrəmanlığı, xalqımızın mübarizə əzmi və Beyləqan rayonunun həmin dövrdə yaşadığı tarixi hadisələr əks olunub.
Daha sonra döyüşçü-fotoqraf Nurəhməd Vəliyev çıxış edərək 1992–1996-cı illərdə Füzuli cəbhəsinin ön xəttində çəkdiyi fotoların yaranma tarixindən, döyüş xatirələrindən və obyektivinə köçürdüyü hadisələrdən danışıb. O, həmin illərdə cəbhədə yaşananların, döyüşçülərin fədakarlığının və xalqımızın üzləşdiyi çətinliklərin fotoşəkillər vasitəsilə gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Nurəhməd Vəliyev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova təşəbbüsünə və sərginin təşkilinə göstərdiyi dəstəyə, eləcə də tədbirin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.
Sonda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən Nurəhməd Vəliyevə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin təbliği sahəsində xidmətlərinə görə fəxri fərman və hədiyyə təqdim olunub.
Sərgi iştirakçılarda böyük maraq doğurub, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli hadisə kimi yadda qalıb.







