“Narkomaniyaya “yox” deyək!” adlı maarifləndirici görüşlər təşkil olunub
19 noyabr 2025 | 17:05
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin və Beyləqan Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun bir neçə ümumtəhsil müəssisəsində “Narkomaniyaya “yox” deyək!” adlı maarifləndirici görüşlər təşkil olunub.
Tədbirdə Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov və polis şöbəsinin əməkdaşları, RİH yanında Uşaq hüquqları üzrə Komissiyanın məsul katibi Suliddin Əsgərov, məktəblərin pedoqoji kollektivi və şagirdlər iştirak edib.
Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsi, eləcə də yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələləri barədə ətraflı məlumat verilib.
Görüşdə həmçinin “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında da maarifləndirici söhbətlər aparılıb. Şagirdlərə erkən nikahın təhsildən yayınma, sosial adaptasiya problemləri, psixoloji təzyiq və sağlamlıq riskləri kimi ciddi nəticələrə səbəb ola biləcəyi diqqətə çatdırılıb. Dini radikalizm mövzusunda isə ekstremist düşüncələrin formalaşma yolları, onların gənclər üçün yaratdığı təhlükələr, radikal qrupların cəlbetmə üsulları və onlardan qorunmağın vacibliyi barədə izahatlar verilib.
Görüşlərdə mövzu ətrafında maraq doğuran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.







