Örənqala tarixi abidəsi ziyarət edilib
09 oktyabr 2025 | 11:47
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Beyləqan rayon prokuroru Elşad Əzimov, Rayon məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və Beyləqan RİH-in əməkdaşları ilə birgə Beynəlxalq əhəmiyyətli tarixi abidə olan Örənqala arxeoloji kompleksini ziyarət ediblər.
Ziyarət zamanı Örənqala abidəsinin ərazisində aparılan qoruma və abadlıq tədbirlərinə baxış keçirilib, müvafiq tövsiyə və göstərişlər verilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən qeyd olunub ki, tarixi-mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması dövlətimizin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəni irsin bərpası və mühafizəsi istiqamətində həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Beyləqanda da bu sahədə mühüm işlər görülür.
Qeyd edək ki, Örənqala Azərbaycanın ən qədim şəhər tipli yaşayış məskənlərindən biri kimi böyük elmi və mədəni əhəmiyyət daşıyır. Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığında, Mil düzündə yerləşən bu qədim şəhərin əsası təxminən V əsrdə qoyulmuşdur. Örənqala orta əsrlərdə bölgənin mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuş, XIII əsrdə monqol-tatar yürüşləri zamanı dağıdılmışdır.
Arxeoloji qazıntılar nəticəsində burada şəhər qala divarlarının, müdafiə qüllələrinin, yaşayış evlərinin və sənətkarlıq emalatxanalarının qalıqları aşkar olunmuş, saxsı və şüşə qablar, mis sikkələr və keramika nümunələri tapılmışdır. Bu tapıntılar qədim Beyləqan şəhərinin yüksək inkişaf səviyyəsini və regionun o dövrdəki iqtisadi-mədəni həyatında mühüm rol oynadığını sübut edir.
Daha ətraflı məlumat üçün Azərbaycan Milli Kitabxanasının informasiya portalında yer alan məqaləylə tanış ola bilərsiniz:







