Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib
14 oktyabr 2026 | 18:33
Oktyabrın 14-də Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov geniş məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, ölkəmizin müstəqilliyinin və dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və dayanıqlı inkişafın davam etdirilməsi istiqamətində qarşıda duran prioritetlər barədə danışıb. O, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və hərbi qüdrətinin gücləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Beyləqan rayonunun sosial-iqtisadi inkişafında kənd təsərrüfatının roluna toxunaraq taxılçılıq, pambıqçılıq, heyvandarlıq və quşçuluq sahələrində əldə olunan nəticələr, məhsuldarlığın artırılması və aqrar sahənin inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Rayon rəhbəri çıxışında milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi, uşaqların və gənclərin zərərli kənar təsirlərdən müdafiəsi, onların vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin vacibliyini xüsusi qeyd edib. İdeoloji və maarifləndirmə işinin formal deyil, nəticəyönümlü şəkildə qurulmasının, təhsil müəssisələrinin, dövlət qurumlarının, ziyalıların, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının hər kəsin məsuliyyəti olduğunu bildirərək müstəqilliyimizin qorunmasının, dövlətçiliyimizin möhkəmləndirilməsinin və ölkəmizin gələcək inkişafının ümumi məqsədimiz olduğunu diqqətə çatdırıb.
Məruzə ətrafında çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov və Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin əhəmiyyətini vurğulayaraq, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin ardıcıl həyata keçirilməsinin ölkəmizin gələcək inkişafı, milli birliyin və dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Vətən müharibəsi şəhidi Mahir Dadaşzadənin atası Qərib Təhməzov, Beyləqan şəhəri Namiq Allahverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülbəniz Cəfərova, təqaüddə olan tarix müəllimi Nadir Abdullayev və Vətən müharibəsi qazisi Qiyas Məmmədli çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkəmizin güclənməsindəki roluna, Azərbaycanın əldə etdiyi uğurların qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyinə toxunublar.







