Rayon Ağsaqqallar Şurasının Hesabat konfransı keçirildi.
23 aprel 2024-cü il tarixdə Beyləqan Rayon Ağsaqqallar Şurasının 2023-cü il ərzində gördüyü işlərin yekununa dair Hesabat konfransı keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə əvvəlcə dövlət himni sələndirilib, şəhidlərimizin və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova tədbiri giriş nitqi ilə açaraq milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların Beyləqan rayonunun ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər bir kəsin ehtiyacının olmasından danışıb.
Çıxış edən Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini Vahid Novruzov Şuranın sədri Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, xüsusilə son illərdə tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından bəhs edib. İşğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər regionlarımızın da inkişaf etdirilməsinə böyük diqqət ayrıldığını vurğulayıb.
Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanovun şuranın fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib.
Rayon Ağsaqqallar Şurasının üzvləri Nadir Abdullayev, İsgəndər Tağıyev, İfrat Məhərrəmov və Qarabağ veteranı Rövşən Namazəliyev rayon ağsaqqallarının gördükləri səmərəli işlərdən söz açıblar və bildiriblər ki, bundan sonra da ağsaqqallar Azərbaycanın inkişafı naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.