Rayon rəhbəri bu gün daha bir Vətən Müharibəsi şəhidi Dadaşov Seyfəddin Məhyəddin oğlunun ildönümü ilə əlaqədar keçirilən məclisdə iştirak edib.
31 oktyabr 2024 | 17:12
Bu gün torpaqlarımızın azadlığı uğrunda şəhid olan Mayak qəsəbə sakini Dadaşov Seyfəddin Məhyəddin oğlunun ildönümü mərasimi keçirilib.
Anım tədbirində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavini və şöbə müdirləri də iştirak ediblər.
Ehsan süfrəsi ətrafında şəhidlərimizin, o cümlədən Seyfəddin Dadaşovun Vətən Müharibəsi zamanı qəhrəmanlığından, döyüşlərdə göstərdiyi misilsiz şücaətdən danışılıb, şəhidlərimizin ruhuna dualar oxunulub.
Şəhidin atası onlara göstərilən yüksək diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.
Seyfəddin Dadaşov 1999-cu il martın 8-də Beyləqan rayonunda anadan olub.
2016-2020-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində ali təhsil alan Seyfəddin 2020-ci ildə magistratura pilləsinə qəbul olsa da, təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Seyfəddin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsinə qoşulub. Döyüşlər zamanı ayaq nayihəsindən yaralanıb hospitala göndərilsə də, orada sadəcə 2 gün qalıb və yenidən döyüşlərə qatılmaq üçün ön cəbhəyə qayıdıb Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib, xüsusi sücaət və qəhrəmanlıq göstərib. Oktyabrın 31-də Suqovuşanda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Rayonunun Mayak qəsəbəsində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Seyfəddin Dadaşov ölümündən sonra "Vətən uğrunda" ,"Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.